Yeni Sözçü qəzeti müsahibə “Rasim Məmmədov”

-Rasim bəy, “İctimai Nəzarət Koalisiyası”nı yaratmaq ideyanız hardan qaynaqlanır?

-Bu mənim ideyam deyil! 2015-ci il 17 sentyabrda məhkəmə, icra, hüquq-mühafizə, vergi və digər dövlət orqanlarında baş verən bürokratiyaya, özbaşınalığa xalqın haqlı narazılığından sonra, cənab Prezidentin əhalinin ictimai nəzarətin həyata keçirilməsi, sayıqlıq göstərməsilə bağlı çağırış etdi. Biz də bu çağırışa səs verərək “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi (DAMM)” və “Sabitlik İnkişaf Mərkəzi (SİM)” kimi iki təşkilatımızın bazasında “İctimai Nəzarət Koalisiyası” yaradaraq, qeydiyyatdan keçirdik. Hal-hazırda qeydiyyatdan keçmiş 100-ə yaxın təşkilatlar da bizim “İNK”-nın ətrafında cəmləşərək ictimai nəzarəti həyata keçiririk.

-Ölkə başçısının çıxışlarında dəfələrlə ictimai nəzarətin olması ilə bağlı çıxışları qeyd etdiniz. Bəs sizin təşkilat hal-hazırda lazımi ictimai nəzarəti həyata keçirirmi?

-Bilirsiniz, əksər insanlarımızda belə təfəkkür formalaşıb ki, “xalqa zülm edən məmuru ölkə başçısı vəzifəyə təyin edibsə, biz necə durub təyinat verən insana şikayət bildirə bilərik?” Xalq içində olan bu cür məntiqsizlər bir məsələni anlamır, sərəncam, fərman imzalamaqla kimisə vəzifəyə təyin etmək, o demək deyil, təyinat alan şəxs kefi istədiyini edəcək, xalqa yuxarıdan aşağı baxacaq və s. Prezidentimiz dəfələrlə çıxışlarında qeyd edir ki, “özbaşınalıq edən məmurlar ağır şəkildə cəzalanacaq!” Həmçinin, ölkə başçısı xalqa müraciət edərək: “məmur özbaşınalığıyla bağlı gördüklərinizi, sizə qarşı haqsızlıqlarla bağlı səsinizi qaldırın, sms yazın, ifşa edin, sosiallaşdırın”. Amma təəssüf ki, xalqımızın böyük bir hissəsi məmur özbaşınalığına qarşı hələ də laqeydlik mövqeyi tutur.

-Dediyinizdən belə çıxır ki, siz məmurları ifşa etməkdən çox, xalqı da susmamağa, haqlarını tələb etməyə səsləyirsiniz?

-Təmamilə haqlısız. Baxın məmur harınlığı, özbaşınalığı daha çox hansı cəmiyyətdə baş verir? Təbii ki, hüquq, vəzifələrini bilməyən vətəndaşların yer almadığı cəmiyyətdə. Biz çalışırıq hər bir vətəndaş öz konstitusiyon hüquqlarını bilsin, ictimai aktiv olsun. Xalq hüquqi cəhətdən nə qədər maariflənsə məmur özbaşınalığı da bir o qədər az olar.

-Sadaladığınız fəaliyyətlərdən hansını sistemli şəkildə həyata keçirmisiniz?

-Biz çalışırıq hər zaman təvazökarlıqdan uzaq olmayaq. Ona görə burda fəaliyyətlərimiz haqqında danışsaq bu reklam olar. Qısaca onu deyərəm ki, dövlətə vaxtı-vaxtında vergi ödəyən, bütün fəaliyyətlərində qanunu rəhbər tutan sahibkarlara qarşı haqsızlıq edən məmurlara, evləri əlindən alınan, ağır xəstəlikdən əziyyət çəkən, imkansızlara və digər şəxslərə yaşam səviyyəsini yaxşılaşdırmaq üçün əlimizdən gələni əsirgəmirik.

Çox istərdim ki, jurnalistlər, bloggerlər, intelektuallar, vətəndaşlar bizim hansı fəaliyyətlərlə məşğul olmağımızın yer aldığı sosial şəbəkələrə, saytlara daxil olub maraqlansınlar və tənqidlərini əsirgəməsinlər.

-Deməli tənqidlər cəbhəsinə açıqsınız?

-Əlbətdə! Tənqidlər olmasa inkişaf, tərəqqi olmaz. Hətta cənab Prezidentimiz özü belə ən böyük tənqidçidir.

-Ölkəmizdə 6 minə yaxın QHT, 5 mindən çox KİV-i olmasına baxmayaraq, onların böyük çoxluğu xalqın rifahının yüksəldilməsinə, dövlətçiliyin möhkəmləndirilməsi, mədəni irsimizin qorunmasına xidmət etmək əvəzinə populist vədlər verib, şəxsi mənfəətlərini güdürlər. Belə QHT və KİV münasibətiniz necədi?

-Bu gün aidiyyatı qurumlar vətən, millət üçün özlərini fəda edən insanlarımızın yaratmaq istədiyi QHT-lərin adlarına gülünc iradlar tutaraq, qeydiyyata almırlar. Amma nə yazıq ki, 8-ci sinifi güclə oxuyub, fermer təsərüfatı ilə məşğul olmuş, sonralar pullanıb özlərini siyasət və media aləmində görmək istəyənlərin QHT, KİV-də çoxluq təşkil edir. Məhz bu cür stereotiplərin çox olması xalqın QHT və KİV-nə etimad göstərməməsinə gətirib çıxarıb. İnanıram ki, zamanla xalq dövlət naminə çalışan QHT, KİV ilə populistlərin təşkilatlarını xalq ayırd edəcək.

-Rasim bəy, XXI əsr informasiya, texnologiya dövrüdür. Artıq müharibələr, münaqişələr, inqilablar, dövlət çevrilişləri informasiya üzərindən həyata keçirilir. ABŞ, Qərbi Avropa dövlətləri informasiya müharibəsi prinsiplərindən istifadə edərək həm Azərbaycanın daxilində, həm də xaricində olan 5-ci kolonu maliyələşdirərək vətənimizi Əfqanıstan, İraq, Liviya, Suriya, Yəmənin gününə qoymaq istəyir. Sizin təşkilat belə fəaliyyətlərə qarşı sipər mövqeyi göstərirmi?

-Əlbətdə. Bu cür çirkin təxribatlardan xəbərdarıq və mübarizəmizi də aparırıq. Əslində Azərbaycana qarşı belə bədniyyətli fəaliyyətlər barəsində ayrıca müsahibə vermək lazımdır. Çünki danışlacaq çox şey var. Amma onu deyim ki, bu yaxınlarda ölkəmizi tərk edən Norveç səfirliyi ilə bağlı Sevinc Osmanqızının müsahibəsinə nəzər yetirdim, nə qədər vicdansız vətəndaş olasan ki, xalqın, dövlətin əleyhinə bu qədər əks mövqe tutub, düşmənlərin dəyirmanına su tökəsən. Ən çox da təəssüf hissilə qeyd etməliyəm ki, Qarakənd faciəsi zamanı şəhid olmuş Osman Mirzəyev kimi ziyalımızın qızı öz vətəninə qarşı düşmən mövqeyindədir. Sevinclər, Oruxdanlar, Bayramlar kimi qara piarlar daim olub, var, olacaqda. Bizlər də xalqımıza, prezidentimizə arxalanaraq o cür satqınların arzularını puç edəcəyik.

-Dövlətçiliyimizlə yanaşı tarixi şəxsiyyətlərimizə, ədiblərimizə, mənəvi irsimizə qarşı da ləkələr yaxırlar. Bu barədə nə deyərdiniz?

-“Space TV”də yayımlanan “El bizim, sirr bizim” verlişini aparanlar tərbiyəsiz, əxlaqsız küçə adamlarıdır. Həmin “aparıcılar” geyimini, saç düzümünü, danışığını bilməyən özləri kimi küçə adamlarının əllərinə bayraq verib, Səməd Vurğun, Hüseyn Cavid və digər ədiblərimizin ünvanlarına nalayiq ifadələr bildirir, istehza obyektinə çevirirlər. Hansı ki, gülünc də, təhqir obyekti onların elə özləridir! Belə tərbiyəsiz tör-töküntülər yaxşı olar gedib öz “əxlaqlarına” uyğun taylarını tapsalar daha yaxşı olar. Bizim “DAMM” təşkilatımız mərhum xalq şairimiz Zöhrab Tahir tərəfindən yaradılıb. Ona görə milli mədəni irsimizin, ədiblərimizin qorunması fəaliyyətimizin ayrılmaz tərkib hissəsidir.

-Sonda “İNK”-in gələcək üçün hansı fəaliyyət planları var?

-Böyük planlarımız var, izləmək lazımdır. Əsaslardan biri də 24 dekabrda cənab prezidentin ad günü münasibətilə “DAMM” və “İNK”-ın mədəniyyət evinin açılışını edəcəyik və bütün fəal ictimaiyyətçi insanları ora dəvət edəcəyik.

Abdulla İsmayıloğlu,

“Yeni Sözçü” qəzeti

Sozcu.info

Digər xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloggers like this: